AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “Buta Armor” MMC tərəfindən zirehli jiletlərin və aksesuarların təqdimat mərasimi keçirilib.
AMEA-nın Yüksək Texnologiyalar Parkında “Buta Armor” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək zirehli gödəkcələrin təqdimatı keçirilib.
Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fətəli Abdullayev, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, “Buta Armor” şirkətinin təsisçiləri, şirkətin layihə üzrə tərəfdaşı, dünyanın aparıcı zireh istehsalçılarından olan “Mars Armor” (Bolqarıstan) şirkətinin təsisçisi və direktoru Plamen Taşkov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dmitri Bratanov, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, DİN Daxili Qoşunlarının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, ANAMA və digər qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Nazim Şükürov açıb. Direktor çıxış edərək YT Parkın Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
N.Şükürovun sözlərinə görə, son zamanlar YT Parkda müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən akademik Dilqəm Tağıyev AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılan şərait, rezidentlər tərəfindən həyata keçirilən layihələr barədə danışıb.
Daha sonra AMEA-nın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək bildirib ki, son illərdə YT Parkın imkanları sayəsində Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşıb və elm-sənaye-dövlət üçübucağı yaranıb. F.Abdullayev hazırda parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlandığını, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payının artırılmasında önəmli işlərin görüldüyünü söyləyib.
“Buta Armor” şirkətinin həmtəsisçisi, “EPC Group” şirkətinin prezidenti Reza Vəziri şirkətin Azərbaycan Ordusu və güc strukturlarını yüksək qoruma səviyyəsinə malik zirehlə təchiz edəcəyini qeyd edib. O, bildirib ki, bununla da ölkədən xaricə valyuta çıxmayacaq. Bu zavod eyni zamanda ixracat potensialına malik olacaqdır.
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov və Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dmitri Bratanov “Buta Armor” şirkətinə uğurlar arzulayıblar.
“Buta Armor” şirkətinin tərəfdaşı, Bolqarıstanın “Mars Armor” şirkətinin direktoru Plamen Taşkov isə rəhbərlik etdiyi şirkətin istehsal etdiyi məhsullar barədə məlumat verib. O, “Buta Armor” ilə birlikdə bu məhsulları Azərbaycanın güc strukturlarının təklifləri əsasında Bakıda istehsal olunacağını qeyd edib.
Tədbirdə müxtəlif təyinatlı zirehli gödəkcələr, zireh lövhələri, dəbilqələr, həmçinin polis və Daxili Qoşunlar üçün ROBOCOP dəstləri nümayiş etdirilib. Mütəxəssislərin sualları cavablandırılıb.