Türkiyə və Latviya Respublikalarının Azərbaycan Respublikasındakı Səfirləri və "Caspian European Club"- ın nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkı ilə tanış olublar
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadənin iştirakı ilə AMEA Yüksək Texnologiyalar Parkı və “Avropa ilə əməkdaşlıq” İctimai Birliyi (Caspian European Club) arasında 01 noyabr 2018-ci il tarixində Holiday İNN otelində əməkdaşlığa dair niyyət sazişinin imzalanma mərasiminin nəticəsi olaraq Clubun üzvü olan biznes nümayəndələrinin, Türkiyə və Latviya Respublikalarının Azərbaycan Respublikasındakı Səfirlərindən ibarət ali qonaqların da daxil olduqları heyətin Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına biznes-turu təşkil olunmuşdur.
Tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermiş, akademiyada elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb. Direktor humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq üçün platforma olan forumun əhəmiyyətindən söz açıb. Forumun və hazırki biznes turun sahibkarlarla AMEA YT Park arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.
“Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Juris Maklakovs və digər çıxış edənlər elm və biznes arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bildiriblər.
Görüş iştirakçıları AMEA Yüksək Texnologiyalar Parkının sənaye zonası və rezidentlər tərəfindən istehsal olunan məhsullar ilə tanış olmuşlar.