Fevralın 20-da "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin podratçısı “Azplast 2012” MMC-nin Təchizat şöbəsinin rəhbəri Elçin Həbibov AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub, qurumun direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşüb.

Görüşdə əsas məqsəd böyük potensiala malik YT Parkda istehsal olunan məhsullarla tanışlıq və gələcəkdə onların satınalınması ilə bağlı müzakirələrin aparılması olub.

Qonağa müəssisənin istehsal prosesi, müasir texnologiyalar əsasında əldə olunan rəqabətədavamlı və müxtəlif çeşidli məhsullar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Parkda tətbiq olunmuş qabaqcıl texnologiya keyfiyyətli, yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.

YT Parkın ərazisini gəzən E.Həbibov buradakı digər müəssisələr və perspektiv layihələr barədə də məlumatlandırılıb.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə yaradılan YT Parkın ərazisində hazırda 10 rezident fəaliyyət göstərir. Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsullar, respublika əhəmiyyətli cihazlar hazırlanır və burada istehsal olunan məhsullar daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarılır.

İstehsal sahələrinin ekskursiyası zamanı “Azplast 2012” MMC-nin nümayəndəsini maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən cavablandırılıb. 

Azərbaycan alimlərinin müəyyən etdiyi formullar əsasında YT Parkda istehsal olunan neft-sürtkü materialları, sənaye və mühərrik yağları, həmçinin dünyəvi brendə malik “Millers oils” Azərbaycan şirkətinin məhsulları qonağın xüsusi marağına səbəb olub. O, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluğunu ifadə edib.

Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə innovativ layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.