30 aprel 2019-cu il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird və müəllim heyətinin AMEA Yüksək Texnologiyalar Parkına  ekskursiyası təşkil olunub. Ekskursiyanın məqsədi YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq idi.  İlk öncə qonaqlara YT Park haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədləridir.  Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Məktəbin iştirakçıları AMEA-nın Təcrübə-Sənaye Zavoduna da baş çəkiblər. Bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti məktəblilərin böyük marağına səbəb olub.
     Sonra açıq havada təşkil edilmiş çay süfrəsi arxasında şagirdlər öz təəsüratları ilə  bölüşdülər.