Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında olmuşlar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir.
     SOCAR rəhbərliyi  ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, daha sonra “AMEA Təcrübə – Sənaye Zavodu” və “Millers Oils Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətlərində istehsal prosesi və hazır neft məhsullarına baxış keçirmişdir. “Millers Oils Azerbaijan” və “AMEA Təcrübə - Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.
     Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında fikir mübadiləsi aparılıb.
     Qeyd edək ki, AMEA-nın təşəbbüsü ilə qurulmış və beynəlxalq akkreditasiyadan keçmiş Yüksək Texnologiyalar Parkının əsas hədəfləri Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaqdır.