AMEA Yüksək Texnologiyalar Parkında “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” mövzusunda alimin innovativ layihəsinin təqdimatı keçirilib
Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. dos. Səfaləddin İsmayılovun “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” layihəsinin təqdimatında AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürovun rəhbərliyi ilə YT Park əməkdaşları iştirak ediblər.
Layihənin müəllifi məruzəsində qeyd edib ki, vermikultivirləşdirmə bir sıra inkişaf etmiş ölkələrdə geniş istifadə olunan texnologiyalardan sayılır. Onun sözlərinə görə, yağış qurdları vasitəsilə müxtəlif növ üzvi tullantılar emal edilir və nəticədə yüksək keyfiyyətli ekoloji təmiz üzvi gübrələr alınır.
Səfalədddin İsmayılov bildirib ki, qırmızı Kaliforniya yağış qurdları vasitəsilə kağız, meyvə-tərəvəz çürüntüləri, ağac kəpəyi, saman, xəzəl, sahələrdə qalan bitki qalıqları yağıntı suların çöküntüsü, məişət tullantıları emal olunur. Həmin qurdların fəaliyyəti nəticəsində üzvi gübrə - biohumus alınır. Görkəminə görə biohumus qəhvəyi-qara, iysiz bioloji üzvi maddədir. Biohumus təbii xammaldan alınır, kimyəvi əlavələri yoxdur, zəhərləyici deyil, torpaqda humusun tərkibini artırır, qida maddələrinin yuyulmasının qarşısını alır, torpağın fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, zərərli duzların, fitotoksik elementlərin təsirini azaldır, torpağın canlanmasını təmin edir, onun mikroflorasını sintezləşdirir və hər hansı üzvi gübrədən 8-10 dəfə təsiredicidir.
Alim müasir dövrdə yağış qurdlarının artırılmasının ABŞ, İtaliya, Yaponiya, Belçika, Polşa, Fransa və digər Avropa ölkələrində, o cümlədən MDB respublikalarında inkişaf etdiyini diqqətə çatdırıb və biohumusun kənd təsərrüfatında istifadəsinin yüksək səmərə verdiyini vurğulayıb.
Təqdimatın sonunda Səfalədddin İsmayılov AMEA Yüksək Texnologiyalar Parkının Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkdaşlarının suallarını cavablayıb.