Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bu qurumda yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bu, elmi ictimaiyyət tərəfindən uğurla qarşılanıb. A.Əlizadə AMEA-nın magistraturasına bir sıra prioritet ixtisaslar üzrə qəbulun həyata keçirildiyini söyləyib.

AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.

Akif Əlizadə akademiyada təhsil alan magistrantların elmi laboratoriyalarda təcrübə keçmələri, görkəmli alimlərlə ünsiyyət qurmaları, elmin son nailiyyətləri ilə tanış olmaları, müasir və perspektivli mövzulara həsr olunan dissertasiyalar müdafiə etmələri üçün AMEA-da hər cür şəraitin yaradıldığını söyləyib.

Onun sözlərinə görə, AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyəti təhsillərini doktorantura və dissertantura pilləsində, 74 məzundan 48-i öz təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirib. Akademik beş nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını, bu ilin məzunlarından birinin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasına tam təqaüdlə qəbul edildiyini bildirib.

Cari ilin qəbul nəticələri barədə məlumat verən A.Əlizadə bu il AMEA-ya tələbə qəbulunun keçən illərlə müqayisədə iki dəfə artdığını söyləyib. Qeyd edib ki, bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artmasının parlaq nümunəsidir. 

"İlk dəfə olaraq AMEA bu ildən ödənişli magistr hazırlığına start verib"- deyə bildirən akademik A.Əlizadə akademiyanın magistraturasına bu il 22 ixtisas,75 ixtisaslaşma üzrə 120 tələbənin qəbul olduğunu diqqətə çatdırıb. 

Çıxışının sonunda AMEA rəhbəri tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrların yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyyə edib.

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov magistraturaya qəbulun nəticələri haqqında statistikanı nəzərə çatdırıb. O, ötən illər ərzində akademiyada magistratura fəaliyyəti, AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində tətbiq edilən yeniliklər və əldə olunan nailiyyətlərdən danışıb.

Daha sonra AMEA Riyaziyyat və  Mexanika İnstitutunun  ən yüksək bal toplamış I kurs magistrantı Xalidə Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva, Geologiya və Geofizika İnstitutunun məzun magistri Yusif Əliyev çıxış ediblər.

Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub.

Daha sonra AMEA-nın magistraturasında nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov, kimya elmləri doktoru, professor Nizami Zeynalov, biologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev və Aynur Məhərrəmova AMEA prezidentinin mükafatı ilə təltif olunublar.

Sonda Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri - Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya mükafatlar təqdim edilib.