AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin növbəti layihəsinin son hazır nümunəsinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq dəvət məktubuna əsasən sentyabrın 13-dən 19-dək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilmiş hərbi təlimlərdə AMEA Yüksək Texnologiyalar Parkının (“YT Park”ın) ərazisində fəaliyyət göstərən Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının növbəti birgə layihəsinin son hazır nümunəsi (hərbi məmulat) real ərazi şəraitində istifadə edilmişdir.
Belə ki, maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə SETM-in hərbi məmulatı qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən SETM, həmçinin “YT Park”ın rezidenti “Elm və Texnologiya Parkı” MMC ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə layihələrinin son hazır nümunələrinin Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilmişdir.