AMEA Yüksək Texnologiyalar Parkı ilə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu arasında layihə çərçivəsində görüş keçirilib
13 dekabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında keçirilən görüşdə “Pilotsuz uçuş aparatları(dronlar) ilə xəstəlik və zərərvericilərin sahələrdə öyrənilməsi və monitorinqi” layihəsinin icrası ilə bağlı ilkin müzakirələr aparılıb.
Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun nümayəndə heyəti iştirak ediblər. Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə heyətinin sədri Elmar Allahverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibi sədr müavini Hikmət Nəsibov və İnformasiya və marketinq üzrə aparıcı mütəxəssis Ruslan Həsənovdan ibarət idi.
Yüksək Texnologiyalar Parkının direktoru t.e.d., professor Elton Məmmədov ilk öncə rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Qabaqcıl texnologiyaların bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da tətbiqinin vacibliyini vurğulayan Elton Məmmədov birgə fəaliyyətin hər iki qurum üçün uğurlu olacağını bildirib. Direkor həmçinin kənd təsərrüfatının inkişafına dövlət qayğısından da söz açıb.
Daha sonra Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər haqqında görüş çərçivəsində geniş məlumat verib.
Qonaqlar dronlar və onların istehsal prossesi ilə tanış olublar. Tərəflər arasında həyata keçiriləcək layihənin fəaliyyət istiqamətləri razılaşdırılıb. Belə ki, əldə olunan ilkin razılığa əsasən tərəflər arasında birgə layihəyə start veriləcək.