Yeni qulaqlıq istənilən söhbəti real vaxt rejimində tərcümə edir

Dil baryeri milyonlarla səyahətçi üçün əsas problemlərdən biri olaraq qalır. “Timekettle” (Pasadena, Kaliforniya ştatı) startapı problemin həlli kimi elektron tərcüməçi funksiyasına malik “WT-2” qulaqlığını təklif edib.
Sistem bluetooth-qarnitur və smartfon üçün proqramdan ibarətdir. Dəstə kiçik enerjidoldurma qutusu, 300 milliamper/saat tutuma malik akkumulyator və iki qulaqlıq daxildir. Kiçik qutu açıldıqda qulaqlıqlar və istifadəçinin smartfonu arasında əlaqə yaranır, hər bir istifadəçi qulaqlıqları taxır və bundan sonra dialoqa başlanılır. Nitq qarnitur vasitəsilə smartfona ötürülür, bu zaman 3 saniyə ərzində həmsöhbətlərin sözləri növbə ilə tərcümə edilir.
Qulaqlığın 3 tərcümə rejimi vardır: standart avtomatik, sürətli sual-cavab rejimi “Ask” və səs-küylü məkanlar üçün olan rejim. Qurğunun əsas üstünlüyü artıq “izahedici” jestlər olmadan müxtəlif dillərdə üz-üzə söhbət etmək imkanıdır. Ünsiyyətin dili proqram vasitəsilə seçilir. Elektron tərcüməçinin arsenalında ingilis, fransız, alman, çin və yapon dilləri var. Tezliklə ərəb, portuqal və tay dillərinin də əlavə olunması planlaşdırılır.
“WT-2” qulaqlıqları 2019-cu ilin yanvarında satışa çıxarılacaq.