“Elm” qəzetində AMEA Yüksək Texnologiyalar Parkının yaranmasının 4 illiyi münasibətilə məqalə dərc edilib
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 6 noyabr 2020-ci il tarixində işıq üzü görmüş növbəti sayında AMEA Yüksək Texnologiyalar Parkının yaranmasının 4 illiyinə həsr olunmuş “Yüksək Texnologiyalar Parkı – Elm, texnologiya və sahibkarlığın vəhdəti” başlıqlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoymuş Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir. Yüksək Texnologiyalar Parkının (YT Park) yaradılması da elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir və elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur.
Vurğulanır ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyev YT Parkın inkişafı və fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirir, Parkın infrastrukturunun gücləndirilməsi və müasirləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verir.
Nəşrdə, həmçinin qeyd olunur ki, 4 il kiçik müddət olmasına baxmayaraq, bu illər ərzində YT Parkda bir çox nailiyyətlər əldə olunmuşdur. Park yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr yaradaraq, innovativ ideyası olan gənc startapçılar və ali məktəblərlə birgə müxtəlif layihələr həyata keçirmiş, bu istiqamətdə işləri indi də intensiv şəkildə davam etdirməkdədir. Texnoparkda istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunur.
Məqalədə Parkın öz ərazisində fəaliyyət göstərən rezidentlərə bir sıra imtiyazlar təqdim etdiyi, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratdığı, rezidentlərin 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunduqları bildirilir. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlərin tətbiq olunduğu diqqətə çatdırılır. Sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı ilə bağlı güzəştlər tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır.
Bununla yanaşı, məqalədə öz fəaliyyətində beynəlxalq əməkdaşlığa da geniş yer ayıran YT Parkın Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri, texnoparkları və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrindən bəhs olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.