AMEA Yüksək Texnologiyalar Parkının direktoru Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
14 sentyabr 2018-ci ildə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında olmuşdur.
Əvvəlcə dəyirmi masa arxasında görüş keçirilmişdir. Direktor Nazim Şükürov AMEA Yüksək Texnologiyalar Parkının yaranma tarixi və fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, ərazi xüsusi iqtisadi zona olmaqla vergilərdən azaddır. AMEA YT Park elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub. Milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir.
Kubanın ölkəmizdəki səfiri öncə səmimi qəbula görə minnətdarlığını bildirib. O, respublikalarımız arasındakı diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, onun ölkəsində də texnoparklar xüsusi əhəmiyyət kəsb edirlər və təşviq olunurlar. Elm və Texnologiya nazirliyinin nəzarətində olan bu sektorda iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən şirkətlər çalışır.
Qonaq aparıcı Kuba şirkətlərindən də söz açmışdır. "Biokubafarma" və "Labiofan" şirkətlərinin fəaliyyətindən xüsusilə geniş bəhs olunmuşdur. Bidirilmişdir ki, farmasevtika sahəsində mühüm nailiyyətləri olan bu şirkətlər şəkərli diabet və xərçəng hüceyrələrinin məhv olunmasına xidmət edən tibbi preparatların istehsalı ilə məşğuldurlar. Bu aparıcı dərman istehsalçılarının AMEA YT Parkla əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində işlər görülməlidir.
Görüşdə ölkələrimizin texnoparkları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mütəxəssis mübadiləsi və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanmışdır.
Daha sonra nümayəndə heyəti ərazidə fəaliyyət göstərən rezidentlərin istehsal sahələri və hazır məhsul anbarları ilə tanış olmuş, müzakirələr aparılmışdır.