Nazirlər Kabineti tərəfindən AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi qaydası təsdiqlənib. Qaydalara əsasən, YT Park rezidentlərinin məhsullarının dövlət əsaslı sifarişlə satınalınması mexanizmi yaradılacaq.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov AZƏRTAC-a müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada istehsal edilən ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib.

YT Parkda intellektual biznesin formalaşdırılması ilə bağlı mühüm işlər aparılır

Nazim Şükürov Texnoparkın ərazisində ixrac potensiallı məhsullar istehsal edildiyini, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. O, həmçinin YT Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transferi, texnoloji, elmtutumlu milli məhsullar istehsalı və intellektual biznesin formalaşdırılması ilə bağlı mühüm işlər aparıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı” yaradılıb. AMEA YT Parkın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir. YT Parkın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə "AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Yüksək Texnologiyalar Parkı daha əvvəl AMEA Təcrübə-Sənaye Zavodunun (TSZ) ərazisi hesab olunan 25.6 hektar əraziyə malikdir. YT Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Bu ərazidə xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. YT Parkda təşkilanma işi başa çatdırılıb. Bu gün artıq YT Parkın uzunmüddətli layihələr üzrə 10 rezidenti fəaliyyət göstərir. Onların arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Azeltech”, “Buta Armor”, “DN Technologies”, eləcə də mülki və hərbi akkumlyator batareyalarının istehsalı ilə məşğul olan “Azmonbat” kimi şirkətlər var. Hazırda “YT Park” MMC-də yalnız mühərrik, gəmi, tank, sənaye yağları istehsalı üzrə innovatiyalı 100-dən çox sayda məhsul istehsal edilir.

YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə güzəştlər tətbiq olunur

YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə bir sıra güzəştlərin tətbiq olundugunu deyən alim bildirib ki, rezidentin texnopark ərazisində icra etdiyi layihələr çərçivəsində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğu gömrük rüsumlarından və idxalda ƏDV-dən 7 il müddətinə azaddır. YT Parkda təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfəyə qədər aşağı olsun. Eyni zamanda, məhsul istehsalında yerli xammaldan istifadə olunması vacib məsələdir. İngiltərənin qabaqcıl texnologiyası ölkəmizə transfer edilərək YT Park ərazisində "Millers-Oils Azərbaycan" MMC zavodu yaradılıb. Bu zavodun istehsal etdiyi məhsullar “Made in Azerbaycan” brendi ilə ixracyönümlü bir məhsul səviyyəsinə çatdırılıb.

“Bizim qurumlarda bir vərdiş formalaşıb. Onlar idxal edilən, xarici məhsullara daha çox meyillidirlər. Bu da nəticədə respublikadan valyuta axınına səbəb olur, idxaldan asılılığa gətirib çıxarır. Eyni zamanda, valyuta sərhədlərinin azalmasına səbəb olur, Azərbaycanda yerli istehsalın təşkilinə, yerli əhali uçün iş yerlərinin açılmasına maneçilik törədir. Bu səbəbdən də Azərbaycan alimləri bütün qüvvələrini səfərbər edərək idxalı əvəz edən – idxal edilən məhsuldan, yəni analoqundan hətta üstün olan məhsulların istehsalına nail olublar. Onlar texnika və avtomobillərdə və ya mühərriklərdə yüzdən çox çeşiddə məhsulların həm əmtəə görünüşü, həm onun müxtəlif çeşiddə müasir qablaşdırılmasına, texniki göstəricilərinə və uzunmüddətli istismarına görə öz keyfiyyət parametrlərini dəyişməyən məhsullar istehsal edilməsinə nail olublar. Çünki insanlarda bir istehlak yaddaşı formalaşıb. Onlar illərlə öyrəniblər ki, məhsulları xaricdən alsınlar. Alimlərimiz sübut etdi ki, məhsullarımız bütün parametrlərinə görə üstünlük kəsb edir”, - deyə Nazim Şükürov bildirib.

Gənclər üçün yaradılan imkanlar onların startaplara marağını artırır

AMEA-da aparılan elmi-tədqiqat işlərindən danışan Nazim Şukurov qeyd edib ki, YT Parkın təşəbbüskar düşüncəyə malik gənclər üçün yaratdığı imkanlar onların startaplara marağını artırır. Gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə YT Parkda Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb edilirlər. Burada gələcək sahibkarlara öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şərait yaradılır. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr YT Parkın tərkibində fəaliyyət göstərən Texnologiya Transferi Ofisinin dəstəyi ilə real bazara yönləndirilir. Bununla da, respublika üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. Yüksək Texnologiyalar Parkı yalnız ölkə daxilində deyil, hüdudlarımızdan kənarda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən alimlərimizlə də əməkdaşlıq edir.

“Mikrobiologiya İnstitutunun alimlərinin ixtirası nəticəsində göbələk mənşəli bioloji aktiv maddə yaradılıb. Onu heyvanların yeminə əlavə etməklə 15-20 faiz məhsuldarlığın artmasına nail olmaq olur. Bu, böyük göstəricidir və orqanik bioloji aktiv ekoloji maddədir. İnsan orqanizminə zərərli deyil, əksinə xeyirlidir. Digər tərəfdən bizim böyük əkin sahələrimiz var. Statistikaya görə, 3 milyon hektardan çox torpaq sahəmiz deqradasiya olunub, əkinə yararsız hala gəlib. Bu torpaqların yenidən bərpa olunaraq münbit torpaq vəziyyətinə çatdırılması istiqamətində alimlərimizin ixtiraları, faydalı modelləri mövcuddur. Hazırda həmin layihələr tətbiq olunur”, - deyə Nazim Şükürov bildirib.

Nazim Şükürov qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, YT Parkın rezidentlərinin istehsal etdiyi məhsullar haqqında məlumatlar “EnterpriseAzerbaijan.com” portalında yerləşdirilib. Burada məhsulların adı, il ərzində onların istehsal həcmi, texniki xarakteristikası, göstəriciləri barədə məlumatlar əks olunub. Dövlət qurumları, dövlət mülkiyyətində olan müəssisələr portaldan onlara lazım olan məhsullar haqqında bütün bilgiləri əldə edərək sifarişlər verə bilər. İşçi qüvvəsi, xammal - bütün resurslar cəlb edilərək il ərzində bu məhsullar istehsal olunacaq: “Alimlərə hərtərəfli kömək göstərməyə hazırıq. Biznes yaradıcılığı asan iş deyil. Onun quruculuq, yaradıcılıq dövrü, ideyada olan mərhələləri var. Bu, bir innovativ prosesdir. Biz bu sahədə hətta onlara dövlət dəstəyi verməyə hazırıq. Bununla bağlı strukturumuzda dəyişiklik edilib. Çox optimal, çevik bir struktur yaradılıb. Patentləşmə, sertifikiatlaşma, marketinq və biznes və inkubasiya şöbəmiz də mövcuddur. Çalışacayıq ki, YT Park yalnız Azərbaycan alimləri üçün deyil, bütün respublikanın işgüzar aləmi üçün bir platforma olsun və innovativ, elmtutumlu yüksək texnologiyalı, idxalı əvəz edən, ixracyönümlü bütün layihələr bizim platforma üzərindən həyata keçirilsin”, - deyə YT Parkın direktoru bildirib.