24 iyul -15 avqust tarixlərində CIAT proqramı çərçivəsində KOICA tərəfindən dəstəklənən Cənubi Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda keçirilən təlim proqramına 6 ölkədən müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr dəvət olunublar. “Texnologiya Parklarının Planlaşdırma və İnkişafı Siyasəti: Texnologiyanın Transferi və Kommersiyalaşdırılması“ üzrə təlim proqramında AMEA YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Elşən Əliyev və həmin şöbənin baş mütəxəssisi İsa Həsənzadə iştirak edirlər.
     Eyni zamanda iştirakçılar arasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun İnformasiya cəmiyyəti şöbəsinin proqramlaşdırıcı-mühəndisi Turqut Yasin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən namizədliyi irəli sürülən Yüksək Texnologiyalar Parkının biznes inkişafı üzrə koordinatoru Bəhruz Babayev də olub.
     29 iyul 2019-cu il tarixində Elşən Əliyevin təqdimatı zamanı iştirakçıların diqqətinə çatdırılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti və istehsal olunan yüksək keyfiyyətli, elmtutumlu və innovativ məhsulları Koreya Respublikasının ekspertləri, professorları və digər ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.