AMEA YT Parkın direktoru professor Elton Məmmədov AzTU-da “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfransda çıxış edib
Dekabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının təşkilatçılıq etdiyi “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransa start verilib.
Bölmə iclasları ilə 6 dekabradək davam edəcək konfransın keçirilməsində məqsəd telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasından ibarətdir. Yığıncaqda telekommunikasiya sahəsi ilə bağlı olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətindən danışaraq bildirib ki, qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən biri telekommunikasiya ilə bağlıdır. Konfransın işinə uğurlar arzulayan rektor tədbirin gələcəkdə bu sahədə təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasına təkan verəcəyini də qeyd edib.
Daha sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç, Özbəkistan “UNİCON.UZ” elmi-texniki və marketinq tədqiqatları mərkəzinin “Radiorabitə, radioverilişləri və televiziya” elmi-tədqiqat şöbəsinin müdiri Xusanov Zokir Komildjanoviç və başqalarına çıxış üçün söz verilib.
Konfransda həmçinin AMEA Yüksək Texnologiyalar Parkının direktoru t.e.d., prof Elton Məmmədovun da çıxışı dinlənilib.